Ölkəyə narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Nazirlikdən verilən məlumata görə, Füzuli rayonu Qaradağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı 1980-cı il təvəllüdlü Fərhadi Hosein Qulaməhməd oğlu narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi "Nadir" adı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.
Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib.