Nurcanın yaxınlarının ittihamlarına Mehriban Zeynalovadan CAVAB
"Doğrudur, bədənində qan və zədə izi yox idi, amma..."
Noyabrın 19-da "Təmiz Dünya" sığınacağında faciəli şəkildə vəfat edən 16 yaşlı Nurcan Cəfərovanın qohumları TV-yə verdikləri açıqlamada sığınacağı ittiham ediblər.
Onlar meyitin zədəsiz olduğunu, 4-cü mərtəbədən yıxılan birinin üzərində bir cızıq belə olmamasını bildiriblər. Nurcanın nənəsi iddia edir ki, nəvəsi insan alverinin qurbanı olub və onun orqanları satılıb.
Xalası isə deyir ki, Nurcan ona zəng vuraraq heç kimin olmadığı yerdə nəsə demək istədiyini bildirib, lakin danışmağa imkan tapmayıb.
meqale.com xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu iddialarla bağlı Musavat.com-a açıqlama verib:
"Yəqin ki, diqqət etmisiniz, mən bu məsələ ilə bağlı çox fikir bildirmirəm. Bunun səbəbi istintaqın aparılmasıdır. Səslənən neqativ fikirlərin heç birini qəbul etmirəm. 23 ildən çoxdur ki, sığınacaq fəaliyyət göstərir. Bu illər ərzində xarici vətəndaşlardan tutmuş öz qadınlarımıza qədər minlərlə insan bizdən xidmət alıb. Həm təşəkkürlər, həm də təkliflər almışıq. Siz də gələndə görmüsünüz ki, hər zaman şəffaf olmuşuq.
İddiaların birində deyilir ki, guya biz onun böyrəyini çıxarmışıq, halbuki baba bildirir ki, bədənində cızıq belə yox idi. Özləri özlərini təkzib edirlər, sonra da deyirlər ki, ürəyini dəyişmişik. Digər iddia səsləndirirlər ki, biz onu pul müqabilində öldürmüşük. Mən özümə əminəm ki, milyonlarla belə olsa, mən belə bir addım atacaq adam deyiləm. Bu dediklərinin heç biri məntiqli deyil.
Üçüncüsü, mən istintaqın nəticələrini gözləyirəm. Sonra onların səsləndirdikləri böhtan xarakterli fikirlərə görə məhkəməyə müraciət edəcəyəm - şəxsi nüfuzuma zərər vurduqları üçün iddia qaldıracağam. Bəzi adamların yazdıqlarına baxmayaraq bildirirəm ki, məntiqi olan adam düşünməlidir: heç bir müəssisə öz ərazisində belə bir hadisənin baş verməsini istəməz. Ən qəddar insan belə bunu arzulamaz. Mən isə uşaqlara sevgi ilə yanaşan adamam.
Heç kim gəlib soruşmayıb ki, uşaqla bağlı hər hansı neqativ hal olubmu, qeyri-insani davranış göstərilibmi və ya xidmət paketi təqdim edilməyibmi. İstintaq davam etdiyi üçün mənim reaksiyasız qalmağımın səbəbi, birincisi, öz fəaliyyətimə əminliyim, ikincisi isə, istintaqa mane olmamaqdır".
"Sığınacaqda olduğumuz zaman orada uşaqlar yıxılmasın deyə pəncərələrdə dəmir məhəccərlərin vurulduğunu da görmüşdük. Bəs bu hadisə necə baş verdi?" - sualına cavab verən Zeynalova bildirib:
"Bütün pəncərələrdə dəmir məhəccərlər var. Bizdə ilkin qiymətləndirmə aparılır. Uşaqlıq dövrü travmaları, psixoloji vəziyyət, intihara meyillilik kimi amillər nəzərdən keçirilir. Psixoloq təhlükə görürsə, dərhal tədbir görülür. Bu yeniyetmə heç vaxt intiharla bağlı fikir səsləndirməyib. Sadəcə gəldiyi gün psixoloqa - "kaş anam gedəndə məni də aparaydı", - deyib. Mən illərdir bu sahədəyəm, həm nəzəri, həm praktiki tərəflərə bələdəm və işçilərimə qarşı yüksək tələblər qoyuram. Təəssüf ki, bu kimi hallar müxtəlif yerlərdə baş verə bilir və bu dəfə bizim müəssisədə baş verdi. Heyət böyük sarsıntı içindədir. 12 nəfərlik psixoloq qrupu dəvət etmişəm, işçilərlə və sığınacaq sakinləri ilə çalışırlar.
Heç kim düşünməsin ki, bu proses bizim üçün asandır. Uşaqla son danışanlar deyiblər ki, o danışa bilirmiş, görünür, daxili zədələnmə olub. Doğrudur, bədənində qan və zədə izi yox idi. Biz ehtimal edirdik ki, kənddə böyüyən uşaqlar daha cəsarətli olurlar. O, düşünmüş ola bilər ki, buradan tullanarsa, yüngül zədə alar. Bu nəticənin olacağını ağlına gətirməyib. Sadəcə diqqəti özünə cəlb etmək istəyib".
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" sığınacağında vəfat edən Nurcan Cəfərova ilə bağlı açıqlama yayıb:
"Bu il avqustun 21-də agentliyə Nurcan Elşad qızı Cəfərovanın qohumlarının evindən qaçması barədə məlumat daxil olub. Uşağın mənafeyinin qorunması üçün dərhal tədbirlər görülüb və qiymətləndirmə aparılıb.
Məlum olub ki, anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır. Xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib".
Agentlik qeyd edib ki, qiymətləndirmə zamanı Nurcan da xalasının evinə qayıtmaq istəmədiyini söyləyib:
"Onun təhlükəsizliyinin və mənafeyinin qorunması məqsədilə 11.09.2025-ci il tarixli qərarla Nurcan "Təmiz Dünya" sığınacağına yerləşdirilib və onunla sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və himayəçi təyin olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinə sorğu göndərilib, lakin himayəçi müəyyən edilməyib".
Bildirilib ki, Nurcan sığınacaqda olduğu müddətdə xalasına mütəmadi zəng edib: