Narkotikdən istifadə etdiyini etiraf etsə də, sərbəst buraxıldı
Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı aparılan narkotik araşdırmasında yeni və mühüm faktlar üzə çıxıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində götürülən analizlərin nəticəsi Şeyma Subaşının qanında qadağan olunmuş maddələrin olduğunu təsdiqləyib.
meqale.com xəbər verir ki, Məhkəmə Tibb Ekspertizasının hazırladığı hesabata görə, Şeyma Subaşının test nəticələri "müsbət" çıxıb. Analizlər zamanı onun orqanizmində kokain və bu maddənin metabolitləri olan Benzoilekqonin və Metilekqonin aşkar edilib. Bundan əlavə, test nəticələrində tibbi məqsədlərlə istifadə olunsa da, sui-istifadə edildikdə narkotik təsir göstərən Ketamin maddəsinin də olduğu müəyyən edilib.
Xatırladaq ki, Şeyma Subaşı ABŞ-dən qayıdarkən İstanbul Hava Limanında İl Jandarma Komandanlığının Narkotik şöbəsi tərəfindən saxlanılmışdı. İlkin ifadəsində narkotik vasitə istifadə etdiyini etiraf edən fenomen, məhkəmə tərəfindən "ölkədən çıxış qadağası" və "məhkəmə nəzarəti" şərti ilə sərbəst buraxılmışdı. Test nəticələrinin rəsmən açıqlanması Subaşının əvvəlki etiraflarını elmi cəhətdən də təsdiqləmiş oldu.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosu tərəfindən aparılan bu istintaq təkcə Şeyma Subaşı ilə məhdudlaşmır. İstintaq çərçivəsində aralarında bir çox tanınmış simaların da olduğu 30 nəfər haqqında saxlanılma və həbs qərarı çıxarılıb. Bu əməliyyat Türkiyədə narkotik vasitələrin yayılmasına qarşı aparılan genişmiqyaslı mübarizənin bir hissəsidir.