“Leo Port Burger”də havalandırma qalmaqalı
Azadlıq prospekti 28-dəki yaşayış binasının altında fəaliyyət göstərən "Leo Port Burger" restoranının havalandırma sistemi sakinlərə uzun müddətdir ciddi narahatlıq yaradır. Baku TV-nin "Qaynar xətt"inə daxil olan şikayətlərə görə, havalandırma borusundan axan yağ bir neçə dəfə qısaqapanmaya səbəb olub və yanğın riski yaradıb.
meqale.com xəbər verir ki, sakinlər bildirirlər ki, boru onların razılığı olmadan quraşdırılıb və çirkli yağ eyvanlara tökülür. Restoran sonradan daha iri mühərrik və boru gətirərək damda quraşdırıb, mühərrik işə düşdükdə isə bina silkələnir. Onların sözlərinə görə, borunun tüstü bacasına yaxınlığı təhlükəni daha da artırır.
Restoranın inzibatçısı İbrahim Babayev isə havalandırma sisteminin 2022-ci ildən mövcud olduğunu və bütün qurumların məlumatlı olduğunu deyərək iddiaları təkzib edib. O, ağacların kəsilməsi ilə bağlı deyilənlərin də doğru olmadığını bildirib.
FHN məsələ üzrə araşdırma apardığını açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ərazidə baxış keçirildiyini və şikayətin qiymətləndiriləcəyini bildirib.