Ceyhun Bayramov İran Prezidentini 24 saatlıq antiterror tədbirləri barədə məlumatlandırdı - YENİLƏNİB
23 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehranda "3+3" formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.
---------
18:09
İran Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.
Xatırladaq ki, "3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.
meqale.com