Bu il pensiya xərcləri 8 milyard olacaq
2026-cı ildə DSMF büdcəsində əsas pay əhaliyə ödənişlərin payına düşür.
meqale.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Bildirib ki, ümumi xərclərin 96,6 faizi yəni 8,2 milyard manat əhaliyə sosial ödənişlərin həyata keçirilməsinə yönəldiləcək. Bunun 8 milyard manatı pensiya xərcləridir.
Eyni zamanda nəzərə çatdırıb ki, pensiyaların indeksləşdirilməsi üzrə təxminən 636 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bundan əlavə, 2026-cı il büdcə xərcləri kəsirinin maliyyələşdirilməsi üçün DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılacaq.
Qeyd olunub ki, 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcə göstəricilərinə əsasən, Fondun ümumi xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 806 milyon manat və ya 10,5 faiz artım deməkdir.
Büdcə gəlirləri isə 8 milyard 323 milyon manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlər də əvvəlki illə müqayisədə 706 milyon manat və ya 9 faiz artacaq.