"Bir axşamda bütün həyatımız dəyişdi" - Yanğında ölən Samirin yoldaşı - FOTO

Yasamaldakı çoxmərtəbəli binada baş verən faciəvi yanğında həlak olan komendant Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova yaşadıqları dəhşətli anlarla bağlı paylaşım edib.

Yasamaldakı çoxmərtəbəli binada baş verən faciəvi yanğında həlak olan komendant Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova yaşadıqları dəhşətli anlarla bağlı paylaşım edib.

meqale.com xəbər verir ki, o, həmin axşamı ailə üçün adi və mehriban bir gün kimi gözlədiklərini, lakin bütün həyatlarının bir göz qırpımında dəyişdiyini bildirib.

Marta Ramazanova qeyd edib ki, onların kiçik övladı həkimlərin operativ müdaxiləsi nəticəsində möcüzəvi şəkildə xilas olunub:

"Kiçik övladımı möcüzə nəticəsində xilas etdilər, həkimlərə təşəkkür edirəm - ilk dəqiqələr həlledici oldu. Hələ də xəstəxanadayıq, özümüzə gəlməyə çalışırıq. Körpə oksigenə qoşulub, yoxsa saturasiya düşür". 

O, ailəsinin yaşadığı şokdan danışaraq bildirib ki, artıq 6 gündür ağciyərlərində yığılan tüstü və hisin təsirləri davam edir, yanğın qoxusu saçlarından belə çıxmır və həmin gecəni hər dəfə xatırladır.

Ramazanova həmçinin həyat yoldaşının - "mükəmməl ata, qayğıkeş ər və nümunəvi vətəndaş"ın - həyatını itirməsini ailəsinin ən ağır itki kimi dəyərləndirib. O, binanın kiçik sakinlərindən olan Arzunun da həlak olduğunu xatırladaraq kədərini bölüşüb:

"Mükəmməl ata, sevimli ər, əla dost, məsuliyyətli işçi və nəhayət, öz ölkəsinin nümunəvi vətəndaşı artıq həyatda yoxdur. O, daha yoxdur. Bircə axşamda bütün həyatımız dəyişdi. Və təkcə bizimki yox. Kiçik Arzuşka - bir mələk, oğlanlarımın balaca rəfiqəsi... o da artıq yoxdur" .

Marta Ramazanova hazırda binanın sakinlərinin evsiz qaldığını, əşyalarını paketlərə yığaraq harada mümkün olsa sığındıqlarını qeyd edib:

"Biz - həmin binanın sakinləri - bomj kimi yaşayırıq. Əşyalarımızı paketlərə və çemodanlara yığırıq. Harada yer tapsaq, orada sığınırıq. Yaşamağa yerimiz yoxdur. Yeni ili harada və necə keçirəcəyimizi bilmirik. Və ən pisi kimlərsə artıq heç vaxt ailə olaraq tam şəkildə olmayacaq...

Uşaqlar nə baş verdiyini anlamırlar. Soruşurlar ki, "papa haradadır və nə vaxt evə qayıdacağıq?". Mən isə onlara indi nə cavab verəcəyimi bilmirəm. Amma sonradan izah etməyə məcbur olacam ki, bütün bunların səbəbi onların atasının ədalət uğrunda mübarizə aparması idi. Lakin onu eşitmədilər.

Ümid edirəm ki, bu dəfə - sonuncu dəfə - nəhayət, onu eşidəcəklər. Təqsirkarlar qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır!"

Qeyd edək ki, yanğında həlak olan Samir Məhəmmədov "Kapital Bank"da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl, digər oğlu Daniel və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinə köçürülüblər.