AzTV-nin Teleradio Akademiyası media nümayəndələri üçün təlimlərə başlayır - VİDEO
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düşüncənin, mədəni davranışın və dil vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan mediada Azərbaycan ədəbi dilinin normalarına riayət olunması, fikrin aydın, etik şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Bu məqsədlə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə başlayır. Təlim proqramı ölkənin tanınmış dilçi alimləri, media üzrə mütəxəssislər və ustad jurnalistlərin iştirakı ilə həyata keçiriləcək.
Üç ay davam edəcək təlimlər çərçivəsində televiziya, radio, informasiya agentlikləri və xəbər saytlarında çalışan 50-yə yaxın gənc jurnalist, redaktor və aparıcı iştirak edəcək. Təlimlər zamanı iştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efir dili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, habelə mediada tez-tez rast gəlinən dil səhvləri və onların aradan qaldırılması yolları barədə praktiki və nəzəri biliklər veriləcək.
Təlimlərin əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması, gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis, anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.
Təlim proqramının sonunda iştirakçılar arasında aparılan monitorinqin nəticələri açıqlanacaq, əldə olunan göstəricilər əsasında ümumi qiymətləndirmə aparılacaq və treninqin effektivliyi təhlil ediləcək.
Qeyd edək ki, bu təşəbbüs Azərbaycan dilinin mediada qorunması və inkişaf etdirilməsi, eyni zamanda peşəkar jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir.