Azərbaycanda illik inflyasiya 12%-dən aşağı düşdü
Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.
meqale.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 %, ötən ilin avqust ayına nisbətən isə 108% təşkil dib.
Ötən ayda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1 %, 2022-ci ilin avqust ayına nisbətən 107,4 % təşkil edib.
Avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ayda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 %, əvvəlki ilin avqust ayına nisbətən 108,3% təşkil edib.