Ufuk Özkandan üzücü xəbər: "Vəziyyəti çox ciddidir"
Aktyor Ufuk Özkanın səhhəti pisləşib. Aktyorun qardaşı Umut Özkan mətbuata verdiyi açıqlamada vəziyyətin gərgin olduğunu və həkimlərin təcili donor gözlədiyini bildirib.
meqale.com xəbər verir ki, bir neçə ildir qaraciyər çatışmazlığı və siroz xəstəliyindən müalicə alan Ufuk Özkanın vəziyyəti kəskinləşdiyi üçün o, xəstəxanaya yerləşdirilib.
Umut Özkan bildirib ki, lazımi bütün analizlər aparılıb: "Qardaşımın vəziyyəti, təəssüf ki, çox ciddidir. Həkimlərimiz uyğun donor tapılana qədər onun xəstəxanadan ayrılmasına qətiyyən icazə vermirlər. Hazırda yeganə diqqətimiz orqan nəqli prosesidir."
Məlumata görə, aktyor hazırda normal yolla qidalana bilmir və ona lazımi maddələr yalnız sistem vasitəsilə verilir. Dünən sənət dostları onu ziyarət edərək dəstək olublar, lakin infeksiya riski yüksək olduğu üçün ziyarətlər ciddi nəzarət altında həyata keçirilir.