Sürət həddini aşanları həbs edəcəklər - Fransada
Fransada sürət həddini aşan sürücülərlə bağlı yeni sərt qaydələr təsdiqlənib.
meqale.com-ın məlumatına görə rəsmən elan edilib ki, sürət həddini 50 km/s-dən çox aşan sürücülər inzibati cərimə ilə kifayətlənməyəcək, cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu, adətən sadə sürət cəriməsindən fərqli olaraq məhkəmədə dindirilmə və ağır cəzalara yol açır.
Yeni qaydalara görə, bu cür ciddi sürət pozuntuları ilə bağlı məhkəmənin qərarına əsasən sürücülər üç aya qədər həbs cəzası və 3 750 avroyadək cərimələnə bilərlər. Həmçinin sürücülük hüququnun ləğvi, avtomobilin müsadirə olunması və digər məhdudiyyətlər də tətbiq edilə bilər.
Əvvəllər yüksək sürət pozuntuları daha çox inzibati cərimə və cərimə balı ilə cəzalandırılırdı. Ancaq artıq bu pozuntular "sadə inzibati xəta" yox, cinayət xarakteri daşıyan hərəkət kimi qiymətləndiriləcək və sürücülər məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, bu qayda sadəcə çox ciddi sürət həddini aşan sürücülərə aid edilir. Yəni bir az həddin aşılması avtomatik həbs demək deyil. Adi sürət hədləri aşılmasında isə hələ də cərimə və bal itkisi kimi inzibati tədbirlər qalır.