Şirvanşahlar Saray Kompleksində Cahangir Cahangirov adına Xorun konserti keçirilib - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun Şirvanşahlar Saray Kompleksində  Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun konserti keçirilib. Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifovadır. Konserti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri  Şahin Seyidzadə, Beynəlxalq Muğam mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə və  tanınmış incəsənət xadimləri  izləyiblər. 

Bildiyiniz kimi Azərbaycan xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə baglıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kollektivə bir müddət Üzeyir bəy özü rəhbərlik edib. O, Azərbaycan xalq mahnılarını xor üçün işləməyi gənc bəstəkarlara tövsiyə edib. Daha  sonra kollektivə rəhbərliyi Cahangir Cahangirova məhz Üzeyir Hacıbəyov həvalə edib. 1948-ci ildən isə xora əvvəllər kollektivdə ikinci xormeyster kimi fəaliyyət göstərən Xalq artisti Ramiz Mustafayev ömrünün sonunadək bədii rəhbərlik edib. Hazırda isə xorun bədii rəhbəri Təranə Yusifovadır. 

Keçirilən konsert xor üçün əlamətdar hadisə idi. Yeni tərkibdə yeni nəfəslə fəaliyyətə başlayan kollektivin təqdim etdiyi konsert proqramı Cahangir Cahangirov adına xorun bərpa olaraq canlanması kimi qiymətləndirilə bilər. Üzeyir bəyin "Arazbarı"(işlənmə Təranə Yusifova) ilə başlanan konsert elə dahi bəstəkarın "Ey, Vətən" əsəri ilə yekunlaşdı.  Üzeyir bəy, Cahangir Cahangirov və Ramiz Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda həm də müasir dövrün yeni işlənmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndi. Kollektivin təqdimatı xor sənətinin müasir dövrlə uyğunlaşmasına bir işarə idi.  Eyni zamanda xor ilk dəfə idi ki, bütövlükdə müşayiətsiz çıxış edirdi. 

Konsertə Xalq artisti Mehriban Zəki də öz qiraət nömrəli ilə rəng qatdı. Həmçinin AMK tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin şagirdlərinin çıxışları da maraqla qarşılandı.