Sadəttin Saran: "Mənə qarşı sui-qəsd həyata keçirilir"
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan "narkotik" istintaqı çərçivəsində şübhəli qismində ifadəyə çağırılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan "Fənərbaxça" prezidenti Sadəttin Saran gündəmi sarsıdan iddialara münasibət bildirib. Saran ona qarşı "qərəzli əməliyyat" aparıldığını qeyd edərək, hüquqi proses başladacağını elan edib.
meqale.com xəbər verir ki, Sadəttin Saran sosial media hesabından etdiyi açıqlamada, xüsusilə "WhatsApp" qruplarında yenidən dövriyyəyə buraxılan köhnə video və paylaşımların saxta olduğunu vurğulayıb:
"Məqsədli şəkildə yayılan və illər əvvəl təkzib edilmiş, mənimlə heç bir əlaqəsi olmadığı qəti şəkildə sübut olunmuş görüntülər vasitəsilə mənə qarşı qarayaxma kampaniyası aparılır. Bu materialların bu gün yenidən ortaya atılması açıq-aşkar bir 'nüfuz sui-qəsdi'dir."
Saran həmçinin bəzi media qurumlarında şəxsi həyatına dair edilən şərhlərin mətbuat etikasına və qanunlara zidd olduğunu bildirib. O, həm bu görüntüləri yayanlar, həm də şəxsiyyət hüquqlarını pozan media nümayəndələri barədə dərhal vəkilləri vasitəsilə cinayət işi qaldırılacağını bəyan edib.