Məhəmməd Abdullayev gümüş medal qazandı - FOTO
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında final döyüşünə çıxıb. +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.
Beləliklə, iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb.
Qeyd edək ki, Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.