Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət ediblər - FOTO
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Qoca" ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə - şəhidlik məqamına ucalıb.