İlin ən böyük elm hadisəsi: NASCO XXVIII ADNSU-da öz işinə başlayıb - FOTO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi olub.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU tərəfindən təşkil edilib. Tədbirdə dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış alimlər, rektorlar, müəllimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Konfransdan əvvəl Fəxri xiyaban ziyarət olunub, Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarlarına əklil və gül qoyulub. Açılış Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADNSU-nun rektoru Rüfət Əzizov çıxışında konfransın ölkədə elmi həyat üçün uzun illərdir vacib platforma olduğunu bildirib. O qeyd edib ki, NASCO XXVIII-də 609 iştirakçı və 600-dən çox qəbul olunmuş məqalə ilə rekord göstərici əldə edilib. Konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutdan doktorant və gənc tədqiqatçılar qatılıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkədə elm və təhsilin strateji prioritet olduğunu vurğulayıb. O bildirib ki, yeni nəsil doktorantura proqramları gənc alimlərin fəaliyyətini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Nazir həmçinin ali təhsildə multidisiplinar yanaşma, AMEA-da islahatlar, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı barədə məlumat verib.
Rəsmi açılışdan sonra konfrans bölmələr üzrə işini davam etdirib.
İki gün davam edəcək tədbir çərçivəsində "Akademik Yusif Məmmədəliyevin irsi və müasir kimyanın perspektivləri" və "Elm əsaslı innovasiya" mövzularında panel müzakirələr və elmi məruzələr keçiriləcək.
Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.