Ev sahibini basdırıb, üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb.
meqale.com-ın "Shimal News"a istinadla verdiyi məlumata görə araşdırmalar zamanı bəlli olub ki, Ə. Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli S. Həsənəliyev kirayəçi kimi yaşayıb.
Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasığmaz üsula əl atıb. O, meyiti evin həyətində basdırıb və həmin yerin üzərində it damı inşa edib.
Hadisədən sonra Ə.Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq-mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ə. Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçisi Surəddin Həsənəliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı üzə çıxıb.