Xoşqədəm TƏBİB-dən şikayətləndi

Tanınmış teleaparıcı və əməkdar jurnalist Xoşqədəm Hidayətqızı təcili tibbi yardımın əlçatanlığı ilə bağlı problem yaşadığını bildirərək TƏBİB-ə etirazını səsləndirib.

Xoşqədəm TƏBİB-dən şikayətləndi
Tanınmış teleaparıcı və əməkdar jurnalist Xoşqədəm Hidayətqızı təcili tibbi yardımın əlçatanlığı ilə bağlı problem yaşadığını bildirərək TƏBİB-ə etirazını səsləndirib.

meqale.com-ın məlumatına görə, aparıcı verilişinin qonağı olan qızın atası - ağır vəziyyətdə olan Zakir kişinin dərhal anju əməliyyatına ehtiyac duyduğunu deyib. Onun sözlərinə görə, həftəsonu dövlət xəstəxanaları işləmədiyi üçün xəstəni özəl klinikalardan birinə yönləndirib, lakin heç bir özəl xəstəxana təcili əməliyyatı qəbul etməyib.

Xoşqədəm Hidayətqızı bildirib ki, buna səbəb anju əməliyyatının yalnız dövlət xəstəxanalarında və TƏBİB-in icazə verdiyi bir neçə özəl klinikada həyata keçirilməsidir: "Axı niyə belə olmalıdır? Dövlət bu sistemi vətəndaşların rifahı üçün yaradıb. İnsanlar icbari tibbi sığorta ilə müalicə ala bilməlidirlər. Amma ağır xəstəni özəl klinikalar qəbul etmir. Mən niyə vətəndaş kimi istədiyim özəl klinikada hüququmdan istifadə edə bilmirəm?"

Aparıcı əlavə edib ki, dövlət xəstəxanalarında da bu əməliyyata növbə gözləyən çox sayda xəstə var: "İnsanlar aylarla qapılarda növbə gözləyir. Niyə? Onlara növbə nə vaxt çatacaq? Öləndən sonra əməliyyat olunacaqlar?"

O, Türkiyədə icbari tibbi sığorta sisteminin daha çevik olduğunu vurğulayıb: "Ailəm Türkiyədə icbari sığortadan istifadə edir və orada istənilən özəl klinikada müalicə almaq mümkündür. Bəs niyə Azərbaycanda bu tətbiq olunmur? TƏBİB mənə izah etməlidir - nəyə görə biz dövlət xəstəxanalarında aylarla növbə gözləməliyik?"