Üfüqdəki fəlakət: Almaniya iqtisadiyyatı və ultrasağçı təhlükə

Almaniya iqtisadiyyatı uzunmüddətli tənəzzül dövrünə daxil ola bilər, çünki ölkədə hasilatın azalması müşahidə olunur və hətta bərpa əlamətləri gözlənilmir.

Üfüqdəki fəlakət: Almaniya iqtisadiyyatı və ultrasağçı təhlükə
Almaniya iqtisadiyyatı uzunmüddətli tənəzzül dövrünə daxil ola bilər, çünki ölkədə hasilatın azalması müşahidə olunur və hətta bərpa əlamətləri gözlənilmir.

Bunu Almaniya Ticarət və Sənaye Palatasının rəhbəri Peter Adrian deyib.

"Almaniya və onun iqtisadiyyatı tənəzzüldədir. Biz Avropada istehsalı yenidən koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik. Əhvali-ruhiyyə bəzən çox pis olur, xüsusən də orta şirkətlər arasında", - deyə, o bildirib.

Onun sözlərinə görə, bazarda hər hansı bir yerə sərmayə qoymaq istəməmək ab-havası hökm sürür. Bununla belə, başa düşmək lazımdır ki, koronavirus pandemiyası dövrü artıq başa çatıb, ona görə də istehsal həcmini artırmaq lazımdır.

O əlavə edib ki, hazırda Almaniya iqtisadiyyatı sürətlə mənfiyə doğru gedir. Eyni zamanda, ilin sonunda iqtisadi artımın heç olmasa sıfır olacağı təqdirdə bunu xoşbəxtlik saymaq mümkün olacaq:

"Bundan əlavə, indiyədək bürokratik əngəllər alman şirkətləri üçün bir çox problemlər yaradır, buna görə də onlar müxtəlif bildirişlərə və sənədlərə çox vaxt sərf etməli olurlar. Eyni zamanda, dəyərli vaxt itirilir ki, bu da biznesdə yeni həllər və konsepsiyalar üzərində işləməyə sərf edilə bilər".

Almaniya iqtisadiyyatında problem sistemli hal almasına rəğmən, baş nazir (kansler) Olaf Şols böhranın çözülməsi ilə aktiv məşğul olmaq niyyətində deyil.

Onillər boyu Almaniya güclü iqtisadiyyatı və nəhəng sənaye sektoru şesabına bütün Avropa İttifaqı (Aİ) üçün lokomotiv rolunu oynayırdı.

İndisə Olaf Şolts mütəxəssislərin təxminlərinə və hesablamalarına belə fikir vermir, "bu insanların iqtisadiyyatla bağlı yetərli bilgiləri yoxdur" deyir.

Halbuki Almaniya resessiyaya doğru yuvarlanır, ölkə iqtisadiyyatı isə işçi qüvvə çatışmazlığı, energetika və vergi sahəsindəki problemlərdən əziyyət çəkir.

Almaniya kağız üzərində Aİ-nin ən zəngin ölkəsi olaraq qalsa da, iqtisadiyyatın real inkişaf templərinə görə, Fransa, İspaniya və hətta Yunanıstandan geri qalır. Xərclərin artması səbəbindən alman şirkət və müəssisələrin təqribən 1/3 hissəsi xaricə sərmayə yatırmağa üstünlük verir, ailə şirkətlərinin 96 faizi isə hesab edir ki, ölkədə deindustriallaşma prosesləri artıq başlayıb.

O.Şoltsun hökumətini daxili qarşıdurmalar və fikir ayrılıqları silkələyir. Məsələn, "Yaşıllar" isitmə sisteminin islahatlarını tələb edir, Almaniya Azad Demokratlar Partiyası buna qətiyyətlə etiraz edərək güzəştlər təklif edir. İqtisadiyyat naziri müəssisələr üçün elektroenerjiyə görə subsidiyaların verilməsini tələb edir, Maliyyə Nazirliyi isə bu tələbi absurd və yolverilməz sayır.

Kansler Olaf Şolts isə öz növbəsində ekspertlərlə analitiklərin əksəriyyətinin dərin şübhələrinə rəğmən, 1950-ci illərdə olduğu kimi genişmiqyaslı iqtisadi inkişaf vəd edir.

Almaniyanın üzləşdiyi ən böyük çətinlik məşğulluq problemidir. Səbəb heç də yaxın aylarda təqribən 5 milyon işçinin təqaüdə çıxmasında deyil: hökumətin sadəcə, evlərin damlarına milyonlarla Günəş paneli quraşdıraraq bərpa olunan enerji istifadəsini artırmaq vədini yerinə yetirmək üçün işçilər gərəkdir. Ekspestlər valideynlərin işə dönə bilmələri üçün hətta uşaq bağçalarının sayını əhəmiyyətli dərəcədə artırmağı, həmçinin 63 yaşda təqaüdə çıxmaq imkanlarına yenidən bazaraq təqaüdçülər üçün maaşdan tutulan verginin ləğv edilməsini və bununla da işləyən təqaüdçülərin sayını artırmağı təklif edirlər.

Olaf Şolts problemi miqrantlardan ibarət işçi qüvvənin cəlbi ilə həll etməyə çalışsa da, daxili imkanlar hesabına iş yerlərinin sayını artırmaq gərəkdir.

Almaniya iqtisadiyyatında vəziyyət belə davam edərsə, bu payız vəziyyət kritik həddə çata bilər və bu da ölkədə radikal sağçı siyasi təşkilatların tərəfdarlarının sayını çoxaldacaq.

Situasiyaya bir qədər təfərrüatlı şəkildə baxaq.

Almaniya iqtisadiyyatının bel sütün sayılan bir çox nəhəng şirkətlər istehsalat müəssisələrini ABŞ-a, Kanadaya, Meksikaya və Cənub-Şərqi Asiyaya köçürməyə başlayıblar.

Məsələn, 150 ildən bəri Almaniya iqtisadiyyatının və sənayesinin dayaqlarından biri, kimya nəhəngi BASF rəhbərliyi ölkədəki vəziyyəti qənaətbəxş sayaraq Çində yeni istehsal obyektlərinin yaradılmasına 10 milyard avroya yaxın sərmayə yatıracağını bəyan edib.

BASF "ana yurdu" Lüdviqshafen şəhərində gübrə zavodunu bağlayaraq 2600 nəfəri işsiz qoyub.

Konsernin icraçı direktoru Martin Brudermüller deyib: "Almaniyada ötən il 130 milyon avro zərər etmişik. Gün keçdikcə daxili bazardan daha çox narahat oluruq. Ölkədə gəlir əldə etmək imkanları sürəkli azalır".

Yüksək enerji xərcləri, işçi qüvvə çatışmazlığı və gələcəklə bağlı iqtisadi perspektivlərin bədbin olması "Siemens" və ya "Volkswagen" kimi nəhəng korporasiyalardan tutmuş, kiçik şirkətlərədək çox biznes subyekti istehsalı Amerikaya və ya Asiyaya köçürməyi düşünür.

İqtisadi geriləmə qeyri-sənaye sahəsinə də ciddi təsir edib. Məsələn, Almaniyada adətən yeni iş yerlərinin yarandığı iyun ayında bu dəfə işsizlərin sayı 200 min nəfər çoxalıb.

Ölkədə işsizliyin orta statistik səviyyəsi hələlik 5,7 faiz təşkil etsə də, analitiklər bu rəqəmin yaxın vaxtlarda sürətlə artmağa başlayacağını deyirlər.

Almaniya iqtisadiyyatına xaricdən investisiyalar da azalır. Belə ki, hazırda investiyaların ümumi həcmi 2013-cü ildən bəri ən aşağı səviyyədədir.

Ölkənin nəhəng şirkətləri yeni, innovativ texnologiyalara keçiddə ləngiyir, rəqiblərindən geri qalırlar.

Bu gün ABŞ-ın sadəcə, "Tesla" korporasiyasının dəyəri Almaniyanın bütün avtomobil sənayesinin dəyərindən 3 dəfə çoxdur.

Süni intellekt sahəsində də Almaniya ciddi uğurlara nail ola bilməyib. Statistikaya görə, ötən il süni intellektlə (Aİ) bağlı ən çox istinad edilən 100 elmi məqalədən yalnız 4-ü alman məhsuludur. Maraqlıdır ki, bu 100 məqalədən 95-i iki supergücün (ABŞ - 68 məqalə, Çin - 27 məqalə) payına düşür.

Vəziyyəti böhranlı olmasından xəbər verən digər amil son 15 ildə ABŞ-ın və Almaniyanın iqtisadiyyatlarında böyümə səviyyəsinin müqayisəli təhlilidir. Belə ki, 2008-ci ildən bəri ABŞ iqtisadiyyatı 76 faiz artaraq 25,5 trilyon dollara çatıbsa, Almaniya iqtisadiyyatı cəmi 19 faiz artaraq 4,1 trilyon dollar təşkil edib.

Yəni dollar ekvivalentində ABŞ bu illər ərzində iqtisadiyyatına 3 Almaniya ekvivalentini əlavə edib.

Digər müqayisəni ABŞ və Avrozona ölkələrinin toplam iqtisadiyyatı arasında aparmaq olar.

2008-ciildə Birləşmiş Ştatlarla avrozona ölkələrinin iqtisadi gücləri bərabərdisə, hazırda ABŞ iqtisadiyyatı avrozonadan təqribən 2 dəfə böyükdür.

Belə bir şəraitdə Almaniya iqtisadiyyatındakı böhranı dayandırmaq və işçi qüvvə ilə bağlı problemləri həll etmək üçün ildə orta hesabla 1,5 milyon miqrant qəbul etməlidir.

Məhz bu səbəbdən rəsmi Berlin son aylarda sərt immiqrasiya qaydalarını yumşaldıb, vətəndaşlıq almaq istəyənlərin üzləşdikləri bürokratik əngəllərin sayını azaldıb.

Ancaq ölkəyə böyuk miqrasiya axını cəmiyyətdə ciddi problemlər yaradır, irqçiliyi, ksenofobiyanı, islamofobiyanı, radikal sağçılığı və millətçiliyi artırır.

Ələlxüsus da ifrat sağçı "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AfD) partiyasının son aylardakı yüksəlişi ilə sosial-iqtisadi problemlərin ağırlaşması miqrantların say artımının millətçi və sağçı populistlərin mövqelərini yaxşılaşdıraraq onları daha da populyar edir.

Qiymət artımı, inflyasiya, sosial müavinətlərin azalıdlması sahəsində hökumətin planları, ev qiymətlərinin rekord səviyyəyə çatması, istehlak krediti faizlərinin sürətli artımı, iş yerlərinin azalması və s. əhali arasında narazılığı gücləndirərək alternativ siyasi təşkilatlara meyllənməni gücləndirir.

İş o yerə çatıb ki, İkinci Dünya Müharibəsindən sonra Almaniyada iki ən böyük partiyadan biri, baş nazir Olaf Şoltsun mənsub olduğu Sosial-Demokrat Partiyası rəy sorğularında AfD-yə uduzmağa başlayıb.

Almaniyadakı bu böhran Avropa İttifaqında dalğa effekti yarada bilər.

Unutmayaq ki, Almaniya yalnız "qoca qitə"nin ən böyük iqtisadiyyatı yox, həm də qitənin əksər dövlətlərinin ən böyük ticari-iqtisadi tərəfdaşı və investorudur.

İqtisadi, sosial və siyasi problemlər Almaniyada olduğu kimi, digər Avropa ölkələrində də ağır problemlər yaradıb, sağçıları populyarlaşdırıb.

Fransada ifrat sağçı Mari Le Penin tərəfdarlarının sayı sürətlə artır. İsaniyadakı son seçkilərdə sağçı-şovinist "Vox" partiyasının mövqeləri dəfələrlə böyüyüb.

Finlyandiyada ifrat sağçılar artıq ölkə parlamentində təmsil olunurlar. İsveçdə islamofobiya, ksenofobiya, millətçilik və irqçilik, anti-miqrasiya və anti-multikulturalizm ideyalarını təbliğ edən partiya parlamentdə ikinci siyasi qüvvə olub. Yunanıstanda isə son parlament seçkilərində 3 ifrat sağçı partiya ali qanunverici strukturda yer alıb.

... Almaniya iqtisadiyyatındakı problemlər konsentrik çevrələr kimi bütün Avropaya yayılır. Problemlərin həllinə başlanmazsa, Avrozonadakı çətinliklər daha da artacaq, sosial-iqtisadi durum kəskinləşəcək.

Elçin Alıoğlu TREND