"Rus çarına məktub yazmaq" janrını unutmalıyıq - Paşinyan
Dövlət problemlərinin həllində istənilən vəziyyətdə "rus çarına məktub yazmaq" janrına qaçmağa son vermək lazımdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında deyib.
Paşinyan problemlərin həlli üçün Moskva, Vaşinqton və ya Brüsselə müraciət etməyin heç də həmişə doğru və düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, dövlət özünün məsuliyyət zonasını dəqiq müəyyən etməlidir.
"Moskvanın mövqeyində çox düzgün vurğular var. Diplomatik dildən tərcümə etsək, onlar deyir ki, siz 30 ildir müstəqilliyi olan ölkəsiniz, nə qədər müxtəlif məsələlərə görə Moskvaya müraciət etmək olar? Lakin biz bunu etməyə öyrəşmişik. Bizdə hətta "rus çarına məktub" janrı var, biz nə qədər bu cür yaşaya bilərik?!", - deyə o bildirib.
Paşinyan bu "janr"ın formalaşmasına Qarabağdakı separatçıların da "mühüm töhfə" verdiklərini deyərək, bu gün Moskvanın özünün də problemləri olduğunu, lakin bunları heç kimə ünvanlamadığını əlavə edib.
"Biz müstəqil dövlət kimi böyümək yolunda növbəti addım ataraq dərk etməliyik ki, problemlərimizi ilk növbədə biz özümüz həll etməliyik", - deyə Paşinyan əlavə edib.
Beynəlxalq birliyin Qarabağ "münaqişəsi" ilə bağlı hər hansı konkret həll yolu olmadığını deyən Ermənistanın baş naziri beynəlxalq birliyin "münaqişə" tərəflərindən konkret addımlar gözlədiyini qeyd edib.
"Biz Qarabağla ayrı planetdə yaşamırıq, Azərbaycan və digər regional və qlobal iştirakçılar da var. Onların maraqları var və biz öz maraqlarımızla onların arasında yer almalıyıq, onlara qarşı gəlməli deyilik", - Paşinyan deyib.
Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan məhz 3 il əvvəl - 44 günlük müharibə ərəfəsi də daxil olmaqla mütəmadi olaraq iştirak etdiyi bütün platformalardan birmənalı şəkildə Azərbaycana qarşı ərazi iddiaları, təxribatyönlü açıqlamaları ilə diqqət mərkəzinə düşürdü. Hətta onun nəticəsi idi ki, 2020-ci il 27 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələri mövqelərimizə hücuma keçdi. Ordumuzun cavab tədbirləri nəticəsində düşmən 44 günlük savaş sonrası təslimçilik sənədinə imza atdı və 30 illik işğala son qoyuldu. İndi isə aydın görünür ki, Nikol Paşinyan da artıq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolunun qalmadığı ilə barışır və regionun gələciyinin məhz rəsmi Bakının elan etdiyi kimi sülhdən keçdiyini anlamağa başlayır.