Klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib - FOTO
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib.
Peşəkar nəfəsli alətlər ifaçısı kimi özünəməxsusluğu ilə seçilən yubilyarı təbrik etmək üçün çoxsaylı sənət dostları, instrumental ifaçılar və xanəndələr geniş konsertlə çıxış edərək öz musiqi sovqatlarını hədiyyə ediblər.
Yubiley gecəsində çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhsən Rəhmanlı, Aydın Əliyev, Əməkdar artist Akif Qürbətov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblın rəhbəri Mirxalid Salayev sənətkarın ifa xüsusiyyətlərindən söz açıblar. Çıxışlarda bildirilib ki, Hakim Abdullayev hər zaman mahir və yeniliklərə imza atan ifaçı kimi sevilib. Həm balaban həm də klarnet alətində ecazkar ifaları ilə musiqisevərlərin zövqünü oxşayır. İfaçı uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti kimi səmərəli fəaliyyətini davam etdirir, həm solo ifaçı olaraq həm də müşayiətçi kimi sevilib- seçilir. Yubiley tədbiri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ansamblının müşayiəti ilə tanınmış instrumental ifaçılar və xanəndələr , Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə "Qaytağı" ansamblının rəngarəng bir-birindən parlaq musiqi nömrələri ilə davam edib. Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.