Avtomobili partladılan şəxs Rusiya ordusunun generalı olub - FOTO
Moskvada avtomobildə baş verən partlayışda xəsarət alan şəxsin Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olduğu açıqlanıb.
meqale.com xəbər verir ki, hadisə Moskvanın Yasenevaya küçəsində yerləşən yaşayış binasının həyətində, Sarvarov "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib.
Partlayış nəticəsində avtomobilə ciddi ziyan dəyib, general-mayor isə nəqliyyat vasitəsindən çıxarılaraq xəstəxanaya çatdırılıb. Onun çoxsaylı qəlpə yaraları və sınıqları olduğu, vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.
İlkin məlumatlara əsasən, partlayıcı qurğu sürücü oturacağının altına yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, səbəblər və mümkün sifarişçilər müəyyənləşdirilir.